Müəllim peşəsi və müəllim şəxsiyyəti
Keywords:
müəllim, təhsil, peşə, təhsil sistemi, bilik, bacarıq, müəllimlik, vərdişlər, səriştəlikAbstract
Təhsil sistemində haqqında ən çox danışılan, barəsində müzakirələr aparılan, peşəkarlıq səviyyəsi daim diqqət mərkəzində olan, eyni zamanda, şəxsiyyəti gözəl və təsirli ifadələrlə qiymətləndirilən, təbii ki, müəllimdir. Müəllimlik bütün zamanlarda şərəfli peşə hesab olunub, müəllim isə ən hörmətli şəxs kimi qəbul edilib. Dövrünə görə, təhsilin prioritet sayılan hansı istiqamətindən danışırıqsa-danışaq, fikir və mülahizələrimizin son dayanacağında yenə də Əlahəzrət Müəllim amili dayanır. Müəllimlik peşəsini, rəmzi mənada olsa da, incəsənət adlandıranlar, fikrimcə, tam haqlıdırlar. Bununla belə, daha ciddi yanaşsaq, “mövcudatın ən şərəflisi olan insanı kamillik səviyyəsinə çatdırmaq məqsədi güdən” (Nəsrəddin Tusi), “insanda insan oyadan” (Rəsul Rza), insana ədəb, mərifət, savad öyrətməklə onu formalaşdırıb cəmiyyətdə müstəqil həyata hazırlamaq, inkişaf yoluna yönəltmək, dəyərli və məhsuldar vətəndaşa çevirmək peşəsi, yəni müəllimlik, əslində, incəsənətdən daha çox, mübaliğəsiz desək, canlı möcüzə yaratmaq sənətidir. Bu fikri qəbul ediriksə, demək, cəmiyyətin, millətin tərəqqisi müəllimdən daha çox asılıdır.
Mahiyyət etibarı ilə “müəllim”, “müəllimlik” anlayışları daha geniş məna tutumuna, əhatə dairəsinə malikdir. Hər hansı bir peşə üzrə sənətkar öz sənətini fərdi və ya qrup halında digərlərinə öyrədirsə, təbii ki, onu müəllim adlandırmaq mümkündür. Bəzən ibrət, təcrübə, nəticə çıxartmaq anlamında deyirlər ki, həyat böyük məktəb, böyük müəllimdir. Məşhur yazıçı M.Qorki həyatı “mənim universitetlərim” adlandırmışdı. Birmənalı qəbul olunmalıdır ki, həyatını öz millətinin müstəqilliyi, istiqlalı, azadlığı, işıqlı gələcəyi yolunda şam kimi əridən, xalqının rəmzi və fədakarlıq simvolu səviyyəsinə yüksələn dahi şəxsiyyətlər “Millətin Müəllimi” adını daşımaqla müəllim adını daha yüksək dərəcədə şərəfləndirmişlər
Published
How to Cite
Issue
Section
License
This work is licensed under a Creative Commons Attribution-ShareAlike 4.0 International License.