Heydər Əliyev müasir təhsil quruculuğunun banisidir
Keywords:
Heydər Əliyev, təhsil, müasir dünya, islahatlar, banisiAbstract
Ulu öndərin genişmiqyaslı, çoxcəhətli fəaliyyətində təhsilin inkişafına diqqət və qayğı prioritet sahə kimi mühüm yer tuturdu. Təhsilin aktual problemlərini və perspektivlərini incəliklərinə qədər dərindən bilən, təhsilin cəmiyyətdə rolunu və şəxsiyyətin formalaşmasında əhəmiyyətini daim yüksək qiymətləndirən dahi rəhbərin təhsillə bağlı dəyərli mülahizə və müddəaları, sözün əsl mənasında, müasir pedaqoji fikir tariximizin nadir incilərindəndir. Cəsarətlə demək lazımdır ki, güclü məntiqə və qibtə olunası uzaqgörənliyə əsaslanmış həmin mülahizə və müddəalar, tarixi tövsiyələr həm keçmiş SSRİ dövründə, eləcə də müstəqillik illərində Azərbaycan təhsilinin inkişaf yolunun proqramına çevrilmişdi. Bu böyük şəxsiyyətin hələ sovet ideologiyasının hökm sürdüyü illərdə təhsil sahəsi ilə bağlı irəli sürdüyü fikirləri bu gün üçün müasir səslənən ideyalarla müqayisə etdikdə onun zamanı necə və hansı səviyyədə qabaqladığına heyran olmaya bilmirsən. Aparılan araşdırmalar göstərir ki, ulu öndər özünün nitq və çıxışlarında, pedaqoji ictimaiyyətlə görüşlərində təhsilin bütün pillələrini əhatə edən ən zəruri, aktuallığı ilə hamını düşündürən məsələlərə toxunmuş, təhsilin məzmunu, idarəolunması, təlim-tərbiyə prosesinin mahiyyəti, cəmiyyətdə müəllimin rolu barədə konseptual müddəalar irəli sürməklə təhsil sistemi işçiləri qarşısında dayanan ən ümdə vəzifələrə aydınlıq gətirmişdir.