DİL QAYDALARI
Abstract
Dil qaydaları nitq mədəniyyətinin ən zəngin və ümumilikdə dilçiliyin ən həssas tərkib hissələrindən biridir. Mükəmməl, sabit və vahid dil qaydaları nitqin doğru, düzgün, aydın, məntiqli, maneəsiz ötürülməsinin, yayılmasının və mühafizəsinin tənzimləyici bir hüquqi təminat bazasıdır. Dil qaydaları nitqin təsiri ilə daimi dəyişkənliyə meyillidir. Ona görə də bir çox hallarda onun sabitliyinin qorunmasında icbari normaların tətbiq olunmasına zərurət yaranır. Ancaq dil qaydaları başdan-başa icbari normalara tabe edilmir. Çünki bu normaların özü zaman-zaman dil-nitq proseslərində tənzimlənərək inkişaf edir. Odur ki, sabit və vahid qaydaların bir çoxu məhz subyektiv müdaxilə edilmədən norma hüququ qazanmışdır. Dil qaydaları təkcə yazıya tətbiq edilən normalar çərçivəsində məhdudlaşmır. Dil qaydaları həm yazılı və həm də şifahi informasiyaların tənzimlənmə vasitəsindən ibarətdir. Bununla yanaşı məişət dili səviyyəsindəki danışıq dilinin və hətta dialekt və şivələrin özlərinin də zaman-zaman müəyyən areallar üzrə yaşayan qaydaları da mövcuddur. Məhz bu gün yazılı dildə tətbiq olunan dil qaydalarının bir çoxu areal səciyyəli dialektlərdən regional tipli danışıq dilinə, oradan ümumi şifahi və yazılı dilə süzülə-süzülə, saflaşa-saflaşa, cilalana-cilalana keçid almışdır. Dialekt və danışıq dilinə demək olar ki, heç bir icbari qayda tətbiq edilmir. Cəmiyyətin mədəni-ictimai, iqtisadi, siyasi inkişafı və informasiyaların mərkəzləşdiricilik təsirləri ilə həmin nitq-danışıq növləri arasında daimi bir yaxınlaşma baş verir ki, bu da fərqlərin aradan çıxmasında başlıca əhəmiyyət kəsb edir. Məsələ burasındadır ki, müasir Azərbaycan yazı dili qaydalarının sabitləşməsində bir çox nailiyyətlər əldə edilməsinə baxmayaraq məişət xarakterli danışıq dili ilə ümumi şifahi dil arasında qəti sərhəd müəyyən edilməsi sahəsində ciddi çətinliklərimiz vardır. Məsələn, ümumi şifahi dil qaydalarının tənzimlənməsi məqsədlərinə xidmət edən orfoqrafiya lüğətlərinə məhz adi məişət danışığı üçün səciyyəvi olan elementlər də gətirilir. Bundan başqa indiyədək hazırlanan orfoepiya lüğətlərində vahid bir prinsipə riayət edilmir. Ona görə də hətta son illərdə hökumət tərəfindən təsdiqlənməsi üçün təqdim edilən və təsdiqlənmə qərarı qüvvəyə minən orfoepiya qaydaları barədə yenidən müzakirələrin keçirilməsinə şərait yaranır. Bu ondan irəli gəlir ki, şifahi dil və onun statusu həll edilməmiş qalmaqdadır. Səbəb odur ki, şifahi dilin prinsipləri, onun yazılı dilə münasibət dərəcəsi məsələləri barədə fikir birliyi formalaşmamışdır. Belə ki, ziyalıların bir çoxunda və hətta dilçi mütəxəssislərin təsəvvüründə xüsusən yanaşı samitlərin tələffüzü zamanı danışıq dilində baş verən dəyişikliklər ümumi orfoepiya norması kimi qəbul olunur. Bu təsəvvürlər hələ orfoepiya normaları ilə bağlı tərtib edilmiş əvvəlki lüğətlərdə əks olunduğundan yeni vəsaitlərdə də öz təsirlərini göstərməkdədir. Lakin cəmiyyət inkişaf edir, yazılı qaydaların təkmilləşməsi şifahi qaydaların da əsaslandırıcı bir məntiq üzərində qurulmasını zamanın zəruri tələbinə çevirir. Cəmiyyət inkişaf etdikcə intellektlər də çevikləşir, bu da yazı dilinin təkmilləşməsinə təsir etdiyi kimi şifahi dilin də zənginləşməsinə zəmin yaradır. İnsanlar yazı dili ilə yanaşı şifahi dilin də səlis, aydın anlaşıqlı olmasına daha artıq maraq göstərirlər. Son zamanlarda fikir və düşüncələrin yazıdan daha çox şifahi dil vasitəsi ilə ifadəsinə meyilliliyin daha da artması müşahidə edilir. Yaxşı qurulmuş şifahi nitq həm verbal və həm də qeyri-verbal ünsiyyət vasitələrinin qovşağında ifadə edildiyi üçün dinləyicini daha çox özünə cəlb edə bilir. Şifahi dilin ümumi anlayış diapozonu geniş dinləyici kütləsinə yönəldiyi üçün müasir inkişaf etmiş cəmiyyətdə yazı qaydaları ilə şifahi nitq qaydaları arasında norma yaxınlığına riayət olunmasına daxili bir tələbat yaradır. Bu da istər istəməz ümumi şifahi dil qaydalarını məişət xarakterli danışıq dili normasının əsiri olmaqdan uzaqlaşdırır, yazı ilə şifahi arasında mümkün yaxınlaşma baş verməsinə ciddi bir zərurət yaradır. Bu müasir mədəni nitqin ən bariz nümunəsinin formalaşdırılmasında başlıca prioritet kimi diqqətdən kənarda qalmamalıdır. Ana dili qaydalarının öyrənilməsinə həsr olunmuş bu mövzunun aktuallığı da məhz yazılı və şifahi dil qaydalarında yaxınlaşma dinamikasının mövcudluğu faktlarının təsbit edilməsi ilə bağlıdır. Onu da əlavə etmək lazımdır ki, son zamanlar orfoqrafiya dair aparılan diskussiyalarda da belə bir meyilliliyin aşkar əlamətləri barədə müəyyən intuisiyaların müşahidəsi də diqqəti cəlb edir. Yaxşı haldır ki, Azərbaycan dilinin yeni orfoepiya normalarının mübahisəli məsələləri ilə bağlı Nəsimi adına Dilçilik İnstitutunda keçirilən yekun müzakirə belə bir diqqətəlayiq nəticə ilə yekunlaşmışdır: «Orfoepiyada həm də orfoqrafik normalar gözlənilməlidir. Danışıqda ədəbi dil normaları sabitləşdikdə tələffüzlə yazı qaydaları arasındakı fərq azalır»
Published
How to Cite
Issue
Section
License

This work is licensed under a Creative Commons Attribution-ShareAlike 4.0 International License.