İNFİLYASİYA, ONUN SƏBƏBLƏRİ VƏ HƏLLİ YOLLARI
Keywords:
Rising prices, inflation, food and non-food products, energy carriersAbstract
Son illər baş verən bahalaşma fonunda dünya üzrə ərzaq məhsullarının qiyməti son 10 ilin maksimum səviyyəsinə çatıb. Lakin bahalaşma təkcə ərzaq məhsulları ilə məhdudlaşmır, qeyri-ərzaq məhsulların qiymətlərində də bahalaşma tendensiyası müşahidə edilir.
Qlobal ərzaq və qeyri-ərzaq inflasiyasının yaranmasının bir sıra fundamental səbəbləri var. Prosesin kökündə bilavasitə koronavirus pandemiyası durur. Belə ki, ölkələrin pandemiyanın yayılmasının qarşısını almaq məqsədilə həyata keçirdikləri karantin tədbirləri və bununla bağlı qapanmalar qlobal miqyasda iqtisadi aktivliyin aşağı düşməsinə, dünya üzrə illərlə formalaşmış əlaqələr, daşınmalar sisteminin sıradan çıxmasına gətirib çıxardı.
Ölkələrin sosial tədric siyasəti, işçi qüvvəsinin təminat çatışmazlığına gətirib çıxardı. Bu, dünya ticarətinin 90 % - ni əhatə edən dənizlə yükdaşımalarda özünü daha qabarıq şəkildə göstərdi. Gömrük nəzarətinin sərtləşdirilməsi və işçi qüvvəsi çatışmazlığı dünyanın aparıcı limanlarında yubanmaların yaranmasına səbəb oldu. Adi qaydada 2 gəminin gözləməsi fövqəladə hal hesab edilən ən iri limanlarda onlarla gəmi günlərlə növbəsini gözləyəsi oldu. Bu isə öz növbəsində daşınma qiymətlərində öz təsirini göstərməyə başladı.
Karantin qaydalarının yumşaldılması bu prosesi daha da sürətləndirdi. Belə ki, mövcud təklif tələbdən xeyli aşağı idi. Dünya iqtisadiyyatı kəskin artan tələbi qarşılamaq gücündə, potensialında deyildi. Dənizlə konteyner daşımalarının qiyməti 2019-cu illə müqayisədə 12 dəfədən çox bahalaşdı. Tariflərin artım tempi qlobal inflyasiya üçün əsas təhdidlərdən birinə çevrildi. BMT‐nin Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD) proqnozlarına əsasən, konteyner daşımalarının tariflərinin indiki artımının dayanıqlı olacağı təqdirdə 2023-cü ilə kimi qlobal idxal qiymətləri 11 %, istehlak qiymətləri 1,5 % arta bilər.