Dioloji və monoloji nitqin psixolinqvistik xüsusiyyətləri və onlar üzərində işin təşkili
Abstract
Nitq – müəyyən kollektivin digər üzvləri ilə əlaqə saxlamaq məqsədilə dildən istifadə edən şəxsin fəaliyyəti, danışıq; mürəkkəb məzmunun – həm informasiya, həm çağırış – müraciət, həm dinləyicini təhriketmə və s. ifadəsi üçün dilin müxtəlif vasitələrinin işlədilməsidir. Dil və nitq eyni bir hadisənin nitq fəaliyyətinin bir-biri ilə qarşılıqlı əlaqədə olan iki cəhətidir. Nitqin aydınlığı və təsirli ola bilməsi üçün dil, öz növbəsində dilin mövcudluğu üçün – nitq zəruridir. Hər hansı dilin sistemini yalnız nitqdəki təzahürünə görə müəyyənləşdirmək olur. Nitq nəinki dili təzahür etdirir, həm də onu inkişaf etdirir, formalaşdırır. Nitq fəaliyyətdə, yəni öz funksiyasını yerinə yetirməkdə olan dildir, nitq aktıdır. Nitq dilin konkret ünsiyyət şəraitində realizə olunması, informasiyanın ötürülməsi və əldə edilməsidir. Dil ünsiyyət vasitəsidirsə, nitq ünsiyyətin özüdür.
Nitqin ifadə üsullarına, təzahür şəkillərinə, kommunikasiya məqsədinə, şəraitinə və s. əlamətlərə görə bir sıra növləri (şifahi nitq, yazılı nitq, rəsmi nitq, səhnə nitqi, danışıq nitqi, kütləvi nitq, ədəbi nitq, vasitəli nitq, vasitəsiz nitq, təşkil olunmuş və təşkil olunmamış nitq və s.) mövcuddur ki, onlar müəyyən cəhətlərinə görə bir-birindən fərqlənirlər. Danışan və dinləyənin nitq prosesində iştirakı həmişə eyni formada olmur. Bir nitq praktikasında danışan və dinləyən, demək olar ki, eyni dərəcədə fəaliyyət göstərir: sual verir, dinləyən cavab, danışan rəyini söyləyir, müsahib ona münasibətini bildirir. Başqa bir nitq formasında isə dinləyən ya ehtiyac, ya da imkanının olmaması üzündən müsahibinin danışığına müdaxilə etmir, münasibət göstərmir. Bu cür şərhetmə və dinləmə nitqin dialoji və monoloji formalarını yaradır.