Lirik janrda təkrarların üslubi imkanları
Keywords:
poetik dil, üslubi imkanlar, lirik janrlarAbstract
Təkrarlar xalq dilinin ən mühüm ifadə tərzi kimi şeir dilində sıx-sıx işlənib həmişə sezilən cəhətdir və bu xüsusiyyət onu deməyə imkan verir ki, təkrarlarda lirik təsvir tərzinin fəal və aparıcı olması qəbul və təqdir olunmuş faktdır. “Şeir dili strukturunun əsası təkrarlardır” (5, 169) və canlı insan nitqinin təbiiliyi poeziyada o zaman böyük emosional qüvvə, qüdrət səviyyəsi qazanır ki, o, yüksək və zəngin dil mədəniyyətinə söykənsin, böyük fikirlərin, böyük məcraya yönəlmiş hisslər axınının füsunkar ifadəsinə xidmət etsin. Təkrar poetik dilin zənginliyini əks etdirən elə bir tükənməz mənbədir ki, şeirdə oxucuya təlqin olunan bədii mətləb əksərən ondan enerji mənbəyi kimi istifadə edir.
Şeirin maddi əsasının – dilinin bədii söz ləyaqəti qazanması üçün linqvistik materialların müxtəlif kəmiyyətdə təkrarının xüsusi üslubi – poetik mövqeyi var. Nəticə etibarilə təkrarın müxtəlif növlərinə bədii nitqin heç bir digər növündə şeirdəki rəngarəngliyinə rast gələ bilmirik. “Başlıcası isə budur ki, təkrarlar poeziyada olduğu kimi, hər şeydə bütün öz funksiyalarını yerinə yetirmir və bu da təəccüblü deyildir ki, təkrar poeziya dilinin struktur təşkilinin əsas dominatıdır” (6, 221).