Lokal və danışıq dili üslubları
Keywords:
lokal, üslub, norma, informasiya, dil üslubuAbstract
Nitq mədəniyyətinin prinsipləri qanun səviyyəsində daimi fəaliyyət göstərir və dilin normalaşmasını təmin edir. Norma təminatı dilin strukturunun və sisteminin sabitliyinə xidmət edir. Normalar olmasa dildə pərakəndəlik və xaos baş verər, strukturda ağlasığmaz transformasiyalar baş qaldırır və sistemdə pozulmalar yaranır. Normalar obrazlı desək dilin canlı varlığıdır, onun daimilik nəfəsidir. Nitq mədəniyyətinin normaları ümumilikdə iki əsas funksiyanı yerinə yetirir. Birincisi dilin struktur və sistem vəhdətinin qorunması, ikincisi isə informasiya mübadiləsinin intensivləşdirilməsindən ibarətdir. Nitq mədəniyyəti o zaman özünün informasiya mübadiləsi vəzifəsini intensiv şəkildə yerinə yetirə bilər ki, normalarda mümkün yaxınlıq və vəhdət yaranmış olsun. Hansı dildə norma vəhdəti güclüdürsə o dildə informasiya axını intensiv keyfiyyət qazanır və həmin dil digər dillər içərisində özünün beynəlxalq nüfuzu ilə seçilir və fərqlənir. Azərbaycan dili müasir dövrdə müstəqil inkişaf mərhələsini keçirir. Onun normalarında da mütəmadi olaraq təkmilləşmə və sabitləşmə prosesi baş verir. Ona görə də Azərbaycan dili artıq beynəlxalq informasiya şəbəkəsinin layiqli və bərabərhüquqlu bir tərkib hissəsinə çevrilir.