Afaq Şıxlının şeir dünyasına fraqmental baxış
Abstract
Dünyada müxtəlif mədəniyyətlərin, xalqların bir-birinə qovuşmasında hər zaman ədəbi-mədəni əlaqələrin müxtəlif formaları və qolları mühüm rol oynamış və bu gün də oynamaqdadır. 1991-ci ildə Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra, kiçik bir zaman kəsiyində, Azərbaycan-rus ədəbi əlaqələrində bir qədər durğunluq müşahidə edilsə də, XXI əsrin əvvəllərindən başlayaraq bu əlaqələr, ümumilikdə, həyatın müxtəlif sahələrində millətlərarası münasibətlər özünü daha səmərəli şəkildə əks etdirməyə başladı.
Bu gün Azərbaycan-rus ədəbi əlaqələrinin ən mühüm qollarından biri Rusiyada yaşayan azərbaycanlı şair və yazıçıların yaradıcılığı, ədəbi-bədii-ictimai fəaliyyətidir. Rusiyada yaşayıb-yaradan azərbaycanlı şair və yazıçıların çoxşahəli fəaliyyəti bir tərəfdən müasir Azərbaycan ədəbiyyatının mühüm bir qolu olmaqla, digər tərəfdən də rus ədəbiyyatına müsbət təsir göstərən bir amil kimi Azərbaycan-rus ədəbi əlaqələrinin inkişafında canlı mədəni körpü rolunu oynayır. Bu yaradıcı insanlardan bir neçəsini şəxsən tanıdığım və onların həm elmi, həm ədəbi-poetik yaradıcılığı, həm də ictimai fəaliyyəti ilə yaxşı tanış olduğumdan bu fikirləri əminliklə söyləyə bilirəm. Biz bu yazımızda Rusiyada yaşayan və çox məhsuldar yaradıcılıq fəaliyyəti ilə yanaşı geniş ictimai fəaliyyət göstərən qələm sahiblərindən biri – şairə Afaq Şıxlının şeir dünyasına qısa nəzər salacağıq.