Qərbi Azərbaycan İcması: yaranması və başlıca hədəfləri

Authors

  • Abdullayeva Səminə

Abstract

 Qərbi Azərbaycan İcması 1989-cu ildə yaradılmış Azərbaycan Qaçqınlar Cəmiyyətinin varisidir. İcma 2022-ci il avqustun 3-də həmin cəmiyyətin bazasında formalaşdırılmışdır. İcmanın yaranması Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasətinin sayəsində baş vermiş, Respublika Prezidenti Cənab İlham Əliyevin siyasi iradəsi ilə təşkilatlanaraq konkret, dəqiq, aydın hədəflər üzrə əməli fəaliyyət göstərməyə başlamışdır. İctimai bir təşkilat olmaqla İcmanın başlıca hədəfi təbliğat, təşviqat və maarifləndirmə istiqamətində iş aparmaq, məqsədi isə Qərbi Azərbaycanlıların öz ata-baba yurdlarına Böyük Qayıdışının tarixi həqiqət olduğuna daxili bir inam yaratmaqdır. İcma eyni zamanda ən zəruri informasiyaları beynəlxalq ictimaiyyətə çatdırır. İcmanın bütün görülən və görüləcək işləri humanitar prinsiplərə əsaslanır. Buna görə də obrazlı şəkildə desək, icmanın döyüş səhnəsində düşməni məhv edən dağıdıcı, məhvedici hərbi arsenalı yoxdur. Lakin onun bütün döyüş sursatlarından daha güclü təsir göstərən bir silahı vardır. O da milli köklər üzərində formalaşmış Azərbaycançılıq ideologiyasıdır. Bu ideologiyanın hədəfi humanizmdir, vətənpərvərlikdir, dövlətçiliyə sədaqətlilikdir, həmrəylikdir, insanları ictimai birliyə dəvət edən səmimiyyətdir. İcmanın başlıca strateji hədəfi olan böyük Qayıdış ideyasının təməli Ulu Öndər Heydər Əliyev tərəfindən yaradılmışdır. Heydər Əliyev 2002-ci il sentyabrın 9-da Goranboy rayonuna səfəri çərçivəsində Qərbi Azərbaycanın Göyçə mahalından qaçqın düşüb Aşağı Ağcakənd qəsəbəsində məskunlaşmış əhali ilə görüşü zamanı onlarda Böyük Qayıdışla bağlı mənəvi bir ruh yüksəkliyi yaradaraq demişdir: “Dünya heç vaxt belə qalmayacaq, dünyada hər şey dəyişir. Bəli, heç bir şey bir yerdə durmur. Hər şey olduğu kimi qalmır. Mən inanıram, tam inanıram ki, bizim bölgədə hər şey ədalət naminə dəyişəcəkdir. Azərbaycan xalqının bu əzab-əziyyətinə görə onun xeyrinə dəyişəcəkdir. Siz gələcəkdə mütləq və mütləq gedib hələ öz gözəl Göyçə torpağınızı da görəcəksiniz, öz doğma dağlarınızı, bulaqlarınızı, çaylarınızı da görəcəksiniz. Ata-babalarınızın qəbirlərini də görəcəksiniz. Mən buna heç şübhə etmirəm. Mən buna inanıram və bu inamla da sizin qarşınızda nitq söyləyirəm. Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək, işğal olunmuş rayonlarımızın azad edilməsini istəyirik. Əminəm ki, biz buna nail olacağıq. Bizim Azərbaycan torpaqlarından zorla çıxarılmış soydaşlarımız da öz yerlərinə, yurdlarına qayıdacaqlar”. Bəli, vaxtı ilə Ulu Öndərin dahiyanə uzaqgörənliklə irəli sürdüyü bu nikbin proqnoz bu gün artıq, həqiqətə çevrilmişdir.

Published

2023-11-20

How to Cite

Abdullayeva Səminə. (2023). Qərbi Azərbaycan İcması: yaranması və başlıca hədəfləri. Research Reviews, (4). Retrieved from https://ojs.publisher.agency/index.php/RR/article/view/2496

Issue

Section

Literature